Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının ilk qalibləri məlum olub - FOTOSESSİYA

Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının ilk qalibləri  məlum olub - <span style="color: red;">FOTOSESSİYA
# 08 avqust 2015 19:50 (UTC +04:00)

Bakı-APA. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi çərçivəsində ilk qalib idmançıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, ilk gündə qadınlar Skit növü üzrə yarışda mübarizə aparıblar. 62 idmançının qatıldığı yarışda Azərbaycanı Nurlanə Cəfərova və Sevda Mustafayeva təmsil ediblər. Üç mərhələnin cəmində 49 xal toplayan Mustafayeva 60-cı yerdə qərarlaşıbsa, Cəfərova 64 xalla 37-ci ola bilib. Hər iki idmançımız final mərhələsinə vəsiqə qazana bilməyib.

Final yarışı italiyalı Katuskia Spada ilə ABŞ atıcısı Morqan Kraft arasında baş tutub. Hədəfə daha dəqiq atəş açan italyan atıcı Dünya Kubokunun ilk qızıl medalçısı olub. Kraft da öz növbəsində gümüş medala sahib çıxıb.

Bürünc medal uğrunda mübarizədə isə Aleksandra Yarmolinskanı (Polşa) üstələyən böyük britaniyalı Hill Amber yarışı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir.

Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparır. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsindən öncə ötən bir il ərzində yarışların 5 mərhələsi ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri avqustun 8-dən 16-dək Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarış hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR