Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Eşqin Rəsulov və həyat yoldaşı Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli biliblər.
E. Rəsulov dostunu söyüş üstündə qətlə yetirdiyini deyib: "Qumar oynadıq sonra o məni qumarda uddu. Onun pulunu verməyəndə məni söydü. Bundan sonra mən onu vurdum".
Proses aprelin 25-də davam etdiriləcək.
İttihama görə, Eşqin Rəsulov Anar Babayevi evinə dəvət edib, orada birlikdə spirtli içki qəbul edərək, qumar oynayıblar. Oyunun gedişatında Anar Eşqini təhqir edib. Buna görə sonuncu qonağını yerə yıxaraq, ona yumruq və təpik zərbələri endirib.
A.Babayev müqavimət göstərdiyi üçün E.Rəsulov arvadına, dostunun əl-qolunu bağlamaq üçün ip gətirməsini deyib. Ramella ipi gətirəndən sonra Eşqinin Anarın əl-qolunu bağlayıb. A.Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.