Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikasında yerləşən tarixi və dini-mədəni abidələrə ziyarət təşkil edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqları komitələri sədrlərinin iştirakı ilə ilk olaraq “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ziyarət olunub.
Daha sonra Nuh Peyğəmbərin məzarüstü türbəsi ziyarət edilib, qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin türbənin bərpa edilməsi haqqında sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb.
Mömünə Xatun türbəsi də ziyarət edilən tarixi məkanlardan olub.
FHN işçilərinin Həmkarlar İttifaqı üzvləri səfər proqramı çərçivəsində Naxçıvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Nəbatət bağı və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.