Təhsil Nazirliyi: Növbəti tədris ilindən Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən yeniliklər həyata keçiriləcək

 Təhsil Nazirliyi: Növbəti tədris ilindən Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən yeniliklər həyata keçiriləcək
# 08 iyul 2014 08:14 (UTC +04:00)

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, bir sıra ali təhsil müəssisəsinə və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə, kolleclərə “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisaslarına qəbul dayandırılıb. Kolleclərdə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.

İlk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib. Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulur. Müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulu elektron mexanizmlər əsasında müsabiqə yolu ilə həyata keçirilir. Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlanır.

Bildirilib ki, növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaq: “Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaq.

Yeni tədris ilindən müəllimlik ixtisaslarını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcək. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Əgər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR