Azərbaycanda müalicə olunan 500-dən çox dializ xəstəsində hepatit virusu aşkarlanıb

Azərbaycanda müalicə olunan 500-dən çox dializ xəstəsində hepatit virusu aşkarlanıb
# 12 mart 2015 14:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda olan dializ xəstələrindən 557-də hepatit virusu aşkarlanıb. APA-nın xəbərinə görə, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib ki, hemodializ müalicəsi qəbul edən xəstələr müxtəlif instrumental, invaziv müdaxilələrə məruz qaldığından onlarda daha tez-tez hepatit virusu ilə yoluxma halları rast gəlinir. Onun sözlərinə görə, Ümumdünya səhiyyə institutlarının məlumatlarına əsasən, aseptik və antiseptik tədbirlərə hər bir tibbi ləvazimatın birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, hepatit virusu ilə yoluxma halları 28-36% təşkil edir: “Azərbaycanda müalicə olunan 2635 dializ xəstəsindən 557-də hepatit qeydə alınıb. Belə ki, onların 356 nəfərində hepatit C, 152 nəfərində hepatit B, 49 nəfərində isə mix-infeksiya (HBV+HCV) aşkar olunub. Hazırda hepatitli xəstələrin müalicəsinin Səhiyyə Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına aparılan tədbirlərinə uyğun olaraq bütün xəstələrin və tibb işçilərinin hepatit B virusuna qarşı vaksinasiyası aparılır. Hepatit C daşıyan xəstələr isə ixtisaslı həkimlər tərəfindən müalicəyə cəlb olunur”.

F.Babayev qeyd edib ki, 2011-ci ildən başlayaraq damar yolu problemi olan, gözdən əlil, hərəkət məhdudiyyəti olan xroniki uremiyalı bir neçə xəstəyə hemodializ müalicəsinin aparılmasında texniki çətinliklər olduğundan alternativ kimi periton dializ tətbiq olunmağa başlanıb. Onun sözlərinə görə, əvvəllər 32 nəfər belə xəstə olub və onlardan 10 nəfərdən çoxu yenidən hemodializ müalicəsinə qayıdıb. Hazırda 9 xəstə periton dializ ilə müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR