Bələdiyyə seçkilərində ölkə üzrə müşahidə aparmaq hüququ qazanmaq üçün ayrılmış müddət başa çatır

Bələdiyyə seçkilərində ölkə üzrə müşahidə aparmaq hüququ qazanmaq üçün ayrılmış müddət başa çatır
# 12 dekabr 2014 13:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün 23 dekabr 204-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış müddət başa çatır. APA-nın məlumatına görə, seçki qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələr seçkinin elan edildiyi gündən başlayaraq seçkinin keçirilməsinə 10 gün qalanadək, yəni dekabrın 13-dək MSK-ya təqdim edilməlidir.

Aktiv seçki hüququna malik Azərbaycan vətəndaşının öz təşəbbüsü əsasında, eləcə də qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təşəbbüsü əsasında Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələr MSK-ya təqdim edilə bilər. Beynəlxalq (xarici) müşahidəçilər isə qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycana gələrək MSK-da qeydiyyatdan keçməklə Azərbaycanın bütün ərazisində seçkiləri müşahidə edə bilərlər.

Müşahidə aparılması barədə hər bir ərizəyə dair qərar MSK tərəfindən ərizənin verildiyi tarixdən etibarən 3 gün müddətində qəbul edilir. MSK sədri Məzahir Pənahov ötən seçkilərdə olduğu kimi, bu bələdiyyə seçkilərində də xüsusi prosedur keçmədən, jurnalist vəsiqəsi əsasında jurnalistlərə Azərbaycanın bütün ərazisində seçkiləri müşahidə etməyə imkan yaradılacağını açıqlayıb.

Qeyd edək ki, ayrıca bir seçki dairəsinin bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün dekabrın 18-dək vaxt ayrılıb. Seçki qanunvericiliyinə əsasən seçki dairəsinin bütün ərazisində müşahidə aparılmasına dair ərizələr müvafiq seçki dairəsinin dairə seçki komissiyasına seçkilərin keçirilməsinə 5 gün qalanadək təqdim edilə bilər. Müşahidə aparılması barədə hər bir ərizəyə dair qərar ərizənin verildiyi tarixdən dairə seçki komissiyası tərəfindən 2 gün müddətində qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR