“Kapital Bank” 140 yaşını qeyd edir

“Kapital Bank” 140 yaşını qeyd edir
# 24 iyul 2014 10:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün- 24 İyul “Kapital Bank”ın fəaliyyətə başlamasının 140-cı ildönümüdür.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycan Əmanət Bankının hüquqi varisi kimi, bankın ilk xidmət məntəqəsi 1874-cü ilin iyulun 24-də Bakıda əmanət kassası kimi yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.

Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi.

1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi.

1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. 21 fevral 2000-ci ildə isə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.

29 dekabr 2004-cü il tarixindən fəaliyyətini “Kapital Bank” adı ilə davam etdirən 140 yaşlı bank indi öz fəaliyyətində keçmişlə bu günün dəyərlərini bir araya gətirərək gələcəyə doğru inamla irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR