Azərbaycan prezidenti: “Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutundakı atmosferi heç zaman unutmayacağıq” - YENİLƏNİB

Azərbaycan prezidenti: “Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutundakı atmosferi heç zaman unutmayacağıq” - <span style="color: red;">YENİLƏNİB
# 12 aprel 2013 07:42 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. “Bugünkü atmosfer Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutundakı həmin atmosferi xatırladır. Biz o atmosferi hər zaman xatırlayırıq və heç vaxt unutmayacağıq”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutu məzunlarının I Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı müəllimlərinə təşəkkür edib: “İnstitutda mənə dərs demiş hər kəsə, xüsusilə Nikolay İvanoviç Lebedevə minnətdarlığımı bildirmək istəyirəm. Dünən onunla iki saata yaxın söhbət etdik, təhsil aldığım illəri xatırladıq, beynəlxalq məsələləri müzakirə etdik. Mən hələ də bu görüşün təsiri altındayam. Bizim bu gün yüksək qiymət verdiyimiz ənənələr Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda onun rəhbərliyi altında qoyulub. Düşünürəm ki, institutumuzun məzunları bu ənənələri möhkəmləndirən və inkişaf etdirən hər kəsə minnətdar olmalıdır”.

Prezident İlham Əliyev MDBMİ-nin rektoru Anatoli Torkunova da minnətdarlıq edib: “İndiki rektor Anatoli Torkunovun da xidmətlərini qeyd etmək istəyərdim. Bu ali məktəb məhz onun rəhbərliyi altında aparıcı təhsil müəssisələrindən birinə çevrilib. Qeyd etdiyim ənənələr bizim ailəmizdə də qorunub saxlanır. Çox şadam ki, qızım Leyla məhz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Ümidvaram ki, bugünkü forum tədbirə qatılan iştirakçıların təmsil etdiyi ölkələr arasında münasibətlərin inkişafına təkan vermiş olacaq”.

Dövlət başçısı ömrünün 15 ilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirdiyini deyib: “Orada aldığım təhsil bu gün də mənə kömək edir”.

Prezident İlham Əliyev çıxışında müstəqil Azərbaycanın inkişaf tarixi, əldə olunan uğurlar barədə forum iştirakçılarını məlumatlandırıb: “Son on ildə iqtisadiyyatın həcmi 3 dəfə artıb, eyni artım sənaye istehsalında da müşahidə olunur. Neft gəlirlərinin ədalətli bölgüsü təmin olunub. Bu gün qarşımızda duran əsas vəzifə qeyri-neft sektorunun inkişafıdır. Kadr potensialını da inkişaf etdirmək vacibdir”.

Dövlət başçısı Azərbaycanın aktiv xarici siyasət yürütdüyünü bildirib: “Bu sahədə təşəbbüslər ilk növbədə iqtisadi inkişaf, energetika, inteqrasiya prosesləri ilə bağlıdır. Azərbaycan üçün mühüm məqamlardan biri Qoşulmama Hərəkatının üzv olmaq idi. Bu, Azərbaycanın xarici siyasət kursunun istiqamətini ifadə edən mühüm hadisə idi”.

Dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutu məzunlarının II Beynəlxalq Forumunun da Azərbaycanda keçirilməsini təklif edib: “İstərdim ki, məzunlarımız arasında həmkarlarımın sayı çox olsun, onda biz gələcəkdə institutumuzun məzunu olan dövlət və hökumət başçılarının forumunu keçirə bilərdik. Azərbaycan həm əlifba sırasına, həm soyadların siyahısına görə birinci yerdədir. Amma tam ciddi deyirəm, biz bir il sonra yenə burada görüşməyə çox şad olardıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR