Sürixdə Azərbaycan-İsveçrə biznes konfransı keçirilib

Sürixdə Azərbaycan-İsveçrə biznes konfransı keçirilib
# 12 noyabr 2014 16:52 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İsçveçrənin Sürix şəhərində “İsveçrə şirkətləri üçün Azərbaycanın qeyri-neft sektorunda imkanlar” adlı Azərbaycan-İsveçrə biznes konfransı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir İsveçrə-MDB Müştərək Ticarət Palatasının təşkilatçılığı, “Paşa Bank”ın dəstəyi, habelə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ölkəmizin İsveçrədəki səfirliyinin tərəfdaşlığı ilə baş tutub.

Konfransda çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı Azərbaycanı siyasi və iqtisadi sabitlik baxımından gənc müstəqil ölkələr sırasında xüsusi çəkisi ilə seçilən və sürətlə inkişaf edən ölkə kimi xarakterizə edib. O qeyd edib ki, Cənubi Qafqazın ÜDM-nin 75 faizi Azərbaycanın payına düşür.

Hazırda 80-dən çox İsveçrə şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Ə. Zeynallı bu rəqəmin gələcəkdə artacağına inandığını bildirib və İsveçrə şirkətlərini ölkəmizlə daha yaxından əməkdaşlığa dəvət edib.

Konfransda “Paşa Bank”ın idarə heyətinin sədri Fərid Axundov, AZPROMO-nun nümayəndəsi Natiq Mədətov və digərləri çıxış edərək ölkəmizin qeyri-neft sektorunun potensialı və mövcud imkanlardan bəhs ediblər. İsveçrənin “Holcim Group Services” şirkətinin Avropa üzrə nümayəndəsi Hora Adrian, “Bühler AG” şirkətinin Cənubi Qafqaz üzrə nümayəndəsi Şərif Nizam Mafi, “ABB AG” şirkətinin Şərqi Avropa üzrə nümayəndəsi İqor Almazov isə Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Eyni məzmunlu konfrans noyabrın 13-də Cenevrə şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR