Prezident Administrasiyası: Azərbaycan hökuməti aqrar sahənin inkişafı üçün yeni hədəflər müəyyənləşdirib

Prezident Administrasiyası: Azərbaycan hökuməti aqrar sahənin inkişafı üçün yeni hədəflər müəyyənləşdirib
# 23 oktyabr 2014 12:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Aqrar sahə Azərbaycan hökumətinin prioritet istiqamətlərindən biridir. Bu, dayanıqlı və davamlı inkişafın şərtidir. Azərbaycanda məşğul əhalinin 38%-ı aqrar sektorda cəmləşib. Hökumət bu sahənin inkişafı üçün yeni hədəflər müəyyənləşdirib.

"APA-Economics"in məlumatına görə, bu haqda Prezident Administrasiyasının Aqrar siyasət məsələlərişöbəsinin müdiri Azər Əmiraslanov məlumat verib.

A. Əmiraslanov hökumətin yeni hədələrimiz sırasında " Aqrar sənaye kompleksinin inkişafı strategiyası"nın hazırlanmasının nəzərdə tutulduğunu deyib. O, bildirib ki, artıq bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iş aparılır: "Bundan başqa, aqrar elmin inkişaf konsepsiyası, aqrar tədqiqatlar olduqca mühüm məsələdir".

Onun sözlərinə görə, “Elektron kənd təsərrüfatı” layihəsinin həyata keçirilməsi də aqrar idarəetmənin keyfiyyətcə yeni mərhələsindən xəbər verir. Kənd təsərrüfatı istehsalçılarının elektron qeydiyyat sistemi, fermerlərin dövlət tərəfindən daha yaxından tanınması, aqroparkların yaradılması tamamilə yeni istiqamətdir.

“Kənd təsərrüfatında kooperasiyaların inkişaf etdirilməsi, həmçinin iri və xırda təsərrüfatlarının maraqlarının uzlaşdırılması, sığorta mexanizminin təkmilləşdirilməsi, habelə aqrar sektora xarici investisiyaların cəlb edilməsinə böyük önəm veririk. Fermer mağazaları, yaşıl marketlərin genişləndirilməsi ərzaq bazarının daha sabit fəaliyyət göstərməsi üçün nəzərdə tutulan məsələdir. Yeni hədəflərimiz sırasında ərzaq təhlükəsizliyi ilə yanaşı, qida təhlükəsizliyi də yer alıb. Bu baxımdan qida təhlükəsizliyinə nəzarətin institusional bazasının təkmilləşdirilməsinə xüsusi diqqət yetiririk", - deyə şöbə müdiri bildirib.

O, aqrar sahənin davamlı inkişafının təmin edilməsi üçün bundan sonra da hökumətin yeni proqramlar və konsepsiyalar hazırlayacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR