“Transneft”: Rusiya kriminal vəziyyətə görə Xəzər neftinin mühüm tranzit kanalını itirə bilər

“Transneft”: Rusiya kriminal vəziyyətə görə Xəzər neftinin mühüm tranzit kanalını itirə bilər
# 10 iyun 2016 02:57 (UTC +04:00)

Bakı-APA. Rusiyanın “Transneft” şirkəti kriminal vəziyyətlə əlaqədar Mahaçqala-Novorossiysk marşrutu ilə nəql olunan neftin həcminin azaldığını və Mahaçqala limanındakı “Daqnefteprodukt” terminalına boşaldılan zaman neftin həcmində itkilərin qeydə alındığını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şirkətin yaydığı məlumatda bildirilir ki, yaranmış vəziyyət Xəzər neftinin Rusiya infrastrukturundan keçən ixrac kanallarının bağlanmasına və mühüm tranzit kanalının itirilməsinə gətirib çıxara bilər.

Məlumatda bildirilir ki, neftin tankerlərdən “Daqnefteprodukt” terminalına boşaldılmasından sonra yaranan itkilər və problemlərlə bağlı yük sahiblərindən “Transneft”in ünvanına mütəmadi olaraq müraciətlər daxil olur: “Neftin çənlərə (“Daqnefteprodukt” terminalının çənlərinə - red.) boşaldılması zamanı, itkilərin həcmi, qüvvədə olan normativlərə əsasən, 0,2 faizi keçməməlidir. Türkmənistandan yük göndərənlər qeyd edirlər ki, 2013-cü ildə itkilərin həcmi 0,69 faiz, 2014-cü ildə - 0,84 faiz, 2015-ci ildə - 0,44 faiz, 2016-cı ilin birinci rübündə isə - artıq 1,43 faiz təşkil edib”, - deyə şirkət qeyd edib.

“Daqnefteprodukt” terminalının çənlərindən neft daha sonra “Çernomortransneft”ə (“Transneft”ə daxildir) təhvil verilərək magistral neft boruları sisteminə nəql edilir. Lakin, 2016-cı ilin mayında Türkmənistandan 5 min ton neft qəbul edən “Daqnefteprodukt” terminalı həmin həcmi “Transneft”in sisteminə təhvil verməkdən imtina edib. Hazırda “Daqnefteprodukt” yükün sahibini terminalın çənlərində “ölü” qalıqların əmələ gəlməsinə dair aktı imzalamağa məcbur etməyə çalışır”, - deyə məlumatda bildirilir.

Bundan başqa, “Transneft” “Daqnefteprodukt”dan nefti təhvil alan zaman onun tərkibində xlorlu duzların konsentrasiya göstəricilərinin və suyun həddindən artıq yüksək olduğunu qeydə alıb.

“Yalnız 2016-cı ilin birinci rübü ərzində “Daqnefteprodukt”un çənlərindən kondisiyaya uyğun olmayan neftin qəbulu 16 dəfə dayandırılıb. 2015-ci il ərzində isə 50-dək analoji hal qeydə alınıb”, - deyə məlumatda bildirilir.

“Rostexnadzor” tərəfindən yoxlamalar keçirilərək, sənaye təhlükəsizliyi tələblərinin pozulması faktlarına görə 11 inzibati işin başlanmasına baxmayaraq, vəziyyət daha pisləşib.

“Nəticədə, Mahaçqala-Novorossiysk marşrutu ilə nəql olunan neftin həcmi azalır. “Lukoyl” 2013-cü ildən Mahaçqala limanından neftin nəqlini iki dəfə azaldaraq, həcmləri Bakı-Tbilisi-Ceyhan neft borusuna yönəldib. Türkmənistan istehsalçıları da Mahaçqala limanından neftin nəqlini dayandırmaq niyyətində olduqlarını bildiriblər”, - deyə “Transneft”in açıqlamasında bildirilir.

““Daqnefteprodukt” Səhmdar Cəmiyyətindəki kriminal vəziyyət və respublikanın inzibati qurumlarının fəaliyyətsizliyi, faktiki olaraq, Xəzər neftinin Rusiya Federasiyasının dövlətə məxsus yeganə infrastrukturu vasitəsilə ixrac marşrutunun bağlanmasına gətirib çıxarır.

Tranzit kanalının itirilməsi isə neftin potensial həcmlərinin Bakı-Tbilisi-Ceyhan və Gürcüstan limanlarına yönəldilməsinə gətirib çıxaracaq”, - deyə “Transneft”in açıqlamasında bildirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR