Azərbaycanın kənd təsərrüfatı naziri gürcüstanlı həmkarını ölkəmizə səfərə dəvət edib

Azərbaycanın kənd təsərrüfatı naziri gürcüstanlı həmkarını ölkəmizə səfərə dəvət edib
# 14 avqust 2014 14:01 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Gürcüstanda səfərdə olan 3 nəfərdən ibarət nümayəndə heyəti Gürcüstan Kənd Təsərrüfatı Naziri Otar Daneliya ilə görüşüblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin rəhbəri Rüfət Rüstəmzadə O. Daneliyanın nazir vəzifəsinə təyinatı ilə bağlı nazir Heydər Əsədovun təbrikini çatdırıb və Azərbaycan Kənd Təsərrüfatı Nazirinin gürcü həmkarını Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirib.

Görüşdə R. Rüstəmzadə nazirə Azərbaycanda kənd təsərrüfatının yüksək səviyyədə inkişaf etdiyini, eyni zamanda son 10 ildə ölkədə aqrolizinq təsərrüfatının inkişafı istiqamətində kifayət qədər təcrübə əldə olunduğu haqqında ətraflı məlumat verib.

O. Daneliya qeyd edib ki, Gürcüstan Avropa Birliyi ilə assosiasiya sazişi imzaladıqdan sonra ölkədə kənd təsərrüfatı Avropa standartlarına uyğun inkişaf etdirilir.

Nazir azərbaycanlı mütəxəssislərə Azərbaycan-Gürcüstan kənd təsərrüfatı nazirlikləri arasında iş adamları üçün biznes-forum təşkil edilməsinin və iki ölkə nazirlikləri arasında biznesin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə təcrübə mübadiləsi, pilot layihələrin hazırlanıb həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı üçün müxtəlif proqramların öyrənilməsinə aid fikirlər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR