Bank Of Baku

Yaponiya mafiyası zərərçəkənlərə yardım göstərir

Yaponiya mafiyası zərərçəkənlərə yardım göstərir
# 19 mart 2011 09:33 (UTC +04:00)
«APA-Economics»in «The Daily Beast» qəzetinə istinadən məlumata görə, təbii fəlakətdən dərhal sonra ölkənin iri cinayətkar qrupları humanitar fəaliyyətə başlayıblar. Mafiya Tokiodakılara öz ofislərini təklif edir, eləcə də zərərçəkən rayonlara ərzaq və digər zəruri avadanlıq göndərir.

Zəlzələdən bir gün sonra Yaponiyanın üçüncü ən iri qruplaşması olan «İnaqava-kai» Toxoku rayonuna 25 yük maşını örtük, tez hazırlana bilən ərzaq, akkumulyator, fənər və digər zəruri tələbat malları göndərib.

Ölkənin ikinci ən böyük qruplaşması olan «Sumiesi-kai»nin nümayəndəsi isə öz ofislərində xarici vətəndaşlara sığınacaq təklif edib. Yakudzanın xaricilərə ənənəvi mənfi münasibət bəslədiyini bilən ekspertlər bunun indiyədək görünməmiş addım olduğunu bildirirlər.

Tadasi İrienin rəhbərlik etdiyi ölkənin ən böyük cinayətkar qruplaşması «Yamaquti-qumi» də bütün ölkə ərazisində öz ofislərini sığınacağa ehtiyacı olan vətəndaşların üzünə açıb və zərər çəkən ərazilərə humanitar yardım göndərməyə başlayıb. Bununla yanaşı, hətta yardım tədbirləri də mafiya stilində – artıq səs-küy olmadan sakitcə həyata keçirilir.

Humanitar yardımlarda ən böyük fəallığı «İnaqava-kai» nümayiş etdirir, ona görə ki, bu qruplaşmanın kökləri zəlzələdən zərər çəkən rayonlardadır. Martın 12-dən 13-nə keçən gecə qruplaşmanın Tokio şöbəsi zərərçəkən ərazilərdən olan Xitatinaki bələdiyyəsinə 50 ton yardım göndərib. Yardım aparanlar həmin əraziyə kənar yollarla 12 saata çatıblar. Qruplaşmanın digər bölməsi isə yüksək radiasiya olan Fukusima rayonuna 70 yük maşını yardım göndərib. Yeri gəlmişkən, bu ərazilərə mafiya nümayəndələri lazımi müdafiə geyimləri olmadan gediblər.

Mafiya nümayəndələri yardımın haradan göndərildiyini bildirmədən ərazini tərk ediblər ki, yardımdan imtina edilməsin. «Yamaquti-qumi» qruplaşmasının nümayəndələri də yardımlardan imtina olunmaması üçün onun haradan göndərildiyini deməməyi xahiş edib.

Qeyd edək ki, Yaponiyada təbii fəlakətlər zamanı cinayətkar qruplaşmaların humanitar fəaliyyətlə məşğul olması ilk dəfə deyil. Hələ 1995-ci ildə baş verən Kobe zəlzələsində də mafiya zərər çəkən rayonlara cəld ərzaq və digər zəruri malların göndərilməsini və onun əhali arasında yayılmasını təşkil etmişdi.

«Yerli əhali şübhə etmir ki, mafiya bu yardımları uzun illər elə onların özündən şantaj və reket vasitəsilə yığdığı pulların hesabına edir. Hərçənd lazım olanda onların yardım etdiyini də xatırlayırlar», - deyə qəzet qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR