BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Francis cümə axşamı mətbuat üçün brifinqdə Əfqanıstan hakimiyyətini qadın və qızların təhsil almasını qadağan etmək qərarına yenidən baxmağa çağırıb.
APA Sinxua agentliyinə istinadla xəbər verir ki, D.Francis, “əfqan qadınları və qızları da kişilər kimi ayrılmaz insan hüquqlarına malikdirlər, onlara riayət edilməli və hörmət olunmalıdır” - deyə bildirib.
D.Francis deyib: "Mən Əfqanıstan hakimiyyətini bu siyasətə yenidən baxmağa və qızların məktəbə getməsinə, təhsil almasına icazə verməyə çağırmaq istərdim ki, onlar öz icmalarının və cəmiyyətin inkişafında rol oynaya bilsinlər”.
O qeyd edib ki, Əfqanıstan dünyada qızların təhsil almaq imkanı olmayan yeganə ölkədir.