Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada husilər tərəfindən atılan iki ballistik raketin qalıqlarının yerə düşməsi nəticəsində bir nəfər xəsarət alıb.
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, bunu ölkənin Mülki Müdafiə İdarəsinin rəsmi nümayəndəsi Məhəmməd əl-Həmmadi bildirib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan iki ballistik raketin qalıqları bir nəfərin yüngül xəsarət almasına, yaşayış evinə və avtomobilə ziyan dəyməsinə səbəb olub.
Bildirilib ki, cümə axşamı ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketi ələ keçirərək məhv edib.
Öz növbəsində, husilərin hərbi nümayəndəsi Yəhya Səriə Səudiyyə Ərəbistanı ərazisindəki bir sıra obyektlərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini iddia edib.
Onun sözlərinə görə, hücumların hədəfləri arasında “Saudi Aramco” şirkətinin neft obyektləri, hərbi hədəflər və hava limanları olub.