İnterpolun keçmiş prezidenti günahkar olduğunu etiraf edib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu gün Tianjin məhkəməsində keçirilən dinləmələrdə Men Xunvey vəzifədə olduğu müddətdə rüşvət aldığını deyib.
Bu barədə Çin Ali Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, Men Xunvey şəxsi maraqlar və üçüncü tərəfin maraqları üçün tutduğu postdan istifadə etməkdə, bahalı hədiyyələr və böyük miqdarda rüşvət almaqda ittiham olunurdu. İnterpolun keçmiş rəhbərinin 14,46 milyon yuan (2.1 milyon dollar) dəyərində rüşvət aldığı qeyd olunur.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Men Xunvey Çinə səfər etdikdən sonra yoxa çıxmış və bununla bağlı Fransa polisi istintaq başlatmışdı. Daha sonra Çin Xunveyin İnterpolun qanunlarını pozması ilə əlaqədar ölkədə saxlanılaraq istintaqa cəlb olunduğunu elan etmişdi.