İordaniya hərbi hava qüvvələri oktyabrın 23-də pravoslav Müqəddəs Georgi kilsəsində dəfn mərasimi zamanı baş verən hücuma cavab olaraq Suriyanın cənubunda terrorçu qruplaşmaların obyektlərinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə krallığın silahlı qüvvələrinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, əməliyyat nəticəsində terrorçu qruplaşmaların bir sıra obyektləri məhv edilib, çoxlu sayda üzvü öldürülüb və ya yaralanıb, həmçinin texnikalarının bir hissəsi sıradan çıxarılıb.
Hərbçilər hücumu törədən şəxslərin zərbələr endirilən qruplaşmalarla əlaqəli olduğunu bildiriblər.
Qeyd edək ki, oktyabrın 23-də əl-Kərək vilayətinin Hammud bölgəsində yerləşən Müqəddəs Georgi pravoslav kilsəsində üç terrorçu atəş açıb. Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı 9 nəfər ölüb, 34 nəfər yaralanıb.