“Avropalılar indiyədək siyasi bəyanat vermələrinə baxmayaraq əməldə Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində, xüsusilə ABŞ-ın bu sazişdən çıxmasından sonra üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdə aciz qalıblar".
APA-nın İran bürosunun verdiyi məlumata görə, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ və Fransanın yeni müzakirələr üçün təkid etməsinə münasibət bildirərkən deyib. XİN rəsmisi bildirib ki, Avropa ölkələri İranın bu sazişdən mənfəət əldə etməsinə tam şəkildə zəmin yarada bilməyiblər. “Hazırda onlar sazişdən kənar bəzi mövzuları gündəmə gətirməklə bu sazişin qorunmasına kömək etmirlər, əksinə, onlara etimadsızlığı daha da artırırlar. Onlar bu əməlləri ilə ABŞ-ın sazişdən qanunsuz çıxmasının səbəblərinə, yəni bu sazişi unutdurmaq niyyətinə daha çox yardım etmiş olurlar”.