Qazaxıstanın Qızılorda şəhərində neft emalı zavodunda yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Qızılorda vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Məlumata görə, yanğın hər birinin tutumu 60 ton olan iki rezervuarı əhatə edib. Yanğınsöndürənlər hadisə yerinə çatarkən alovun yaxınlıqdakı daha üç rezervuara keçməsi təhlükəsi yaranıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb və üç rezervuar yanğından mühafizə olunub. Yanğının söndürülməsinə yanğınsöndürmə qatarı da cəlb edilib.
Yanğın 200 kvadratmetr ərazini əhatə edib və tam söndürülüb. Hadisənin başvermə səbəbi araşdırılır.