Ukrayna hərbi komissarlıqlarındakı qanun pozuntuları ilə bağlı 260 cinayət işi başlanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DTB) “Telegram” kanalında məlumat yayılıb.
Məlumatda deyilir ki, açılan cinayət işləri çərçivəsində 35 nəfər barəsində 21 ittiham aktı məhkəməyə göndərilib, əlavə 58 nəfərə qarşı ittiham irəli sürülüb.
Həmçinin əlavə olunub ki, məmurlar tərəfindən təxminən 110 min dollar məbləğində qeyri-qanuni ödənişlərin alınması faktı qeydə alınıb və təxminən 87 min dollardan artıq məbləğdə əmlaka məhkəmələr tərəfindən həbs qoyulub.
Xatırladaq ki, 17 avqustda Ukrayna Prezidenti Vladimir Zelenski korrupsiya yoxlamasının nəticələrinə əsasən, bütün regional hərbi komissarların vəzifədən azad edilməsi haqqında fərman imzalayıb.