Bank Of Baku

“Altılıq” və İran arasında əsl fikir mübadiləsi baş tutub – Ketrin Eşton

“Altılıq” və İran arasında əsl fikir mübadiləsi baş tutub – Ketrin Eşton
# 06 aprel 2013 18:36 (UTC +04:00)

Bakı-APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton hesab edir ki, Almatıda keçirilən danışıqlar zamanı “altılıq” və Tehran arasında İranın nüvə problemi üzrə ilk dəfə əsl fikir mübadiləsi baş tutub. “Mənim üçün ən vacib o oldu ki, mən ilk dəfə tərəflər arasında əsl fikir mübadiləsi müşahidə etdim. Biz məsələləri təfsilatı ilə müzakirə edirdik və irəliləmək üçün cavablar ala bilirdik. Bu kontekstdə qeyd etdiyim element çox əhəmiyyətli idi”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ketrin Eşton İranla “altılıq” ölkələri arasında Almatıda iki gün davam edən danışıqların yekunlarına dair brifinqdə qeyd edib.    

 

Almatıda İran və “altılıq” ölkələrinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) nümayəndələri arasında İranın nüvə problemi üzrə iki gün davam edən danışıqlar bu gün yekunlaşıb. Danışıqlar çərçivəsində üç plenar iclas, bir neçə ikitərəfli görüşlər keçirilib.  

 

APA-nın bundan öncə “BBC”yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN nümayəndəsi görüşdən sonra qeyd edib ki, danışıqların detallı olmasına baxmayaraq, “altılıq” və İran arasında qarşılıqlı anlaşma əldə olunmayıb.    

 

ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.

 

İranla nüvə müzakirələri aparan altı ölkə (BMT TŞ-nın daimi üzvü və Almaniya) fevralda  bəyan edib ki, əgər İran Fordu şəhərindəki obyektində uranın 20 faizədək zənginləşməsini dayandırsa və bu obyekti tam bağlasa Tehrana qarşı sanksiyalar yumşaldıla bilər. Uranın 20 faizədək zənginləşdirilməsi nüvə silahı yaradılmasının bir addımlığında olmaq deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR