APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Cəzirə” telekanalı qruplaşmanın nümayəndəsinə istinadla məlumat yayıb.
“Qərb ölkələrinin Suriyaya hücumu barədə bizi hələ ki məlumatlandırmayıblar”, deyə telekanal “Azad Suriya Ordusu”nun Ali Hərbi Şurasının rəhbəri general Səlim İdrisin sözlərini sitat gətirir.
Qeyd edək ki, bundan əvvəl Qərb ölkələr Suriya müxalifətini yaxın günlərdə Suriyaya mümkün zərbələr endirəcəyinə dair məlumatlandırdığı barədə xəbər yayılıb. Məlumata görə, müxalifət hava zərbələrinə məruz qalacaq hərbi obyektlərin siyahısını da artıq təqdim edib. Daha bir müddət keçdikdən sonra isə ABŞ prezidenti Barak Obama bəyan edib ki, o hələlik Suriyaya hücum barədə hələlik qərar verməyib.
Qeyd edək ki, avqustun 21-də bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. İlkin məlumatlara görə, 600-dən çox insan kimyəvi silahın qurbanı olub. Suriya müxalifətinin milli koalisiyası isə 1300 nəfərin öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib.