Bakı. Könül Cəfərli – APA. “ABŞ bir tərəfdən İran xalqına dostluq əlini uzatdığını iddia edir, digər yandan isə sülh məqsədli nüvə fəaliyyətimizi əngəlləyərək, ölkəmizə qarşı sərt sanksiyalar tətbiq edir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu “Bəsic” ordu komandanı, general Məhəmmədrza Nəqdi deyib.
O bildirib ki, ABŞ-ın İrana qarşı münasibəti ikiüzlülükdür: “Dünya imperializmi idman və incəsənət sahələrini də İran xalqı ilə qarşılaşma meydanına çevirib. Buna misal olaraq siyasi məzmunlu və sənət dəyəri olmayan “Arqo” filminə “Oskar” mükafatının verilməsini göstərmək olar. Bununla da hər kəs “Oskar” mükafatının eybəcər mexanizmi ilə tanış oldu. Bu mükafat Ağ Evin nəzarəti altında paylanır” .