Bakı. Könül Cəfərli – APA. İran Məsləhət Şurasının katibi Möhsün Rzayi bu il iyunun 14-də ölkədə keçiriləcək XI dönəm prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, M. Rzayi seçkilərə müstəqil namizəd kimi qatılacağını və heç bir qrupa və ya cinaha bağlı olmayacağını deyib. İran Məsləhət Şurasının katibi qeyd edib ki, seçkilərdə platformasının əsasını iqtisadi siyasət təşkil edəcək. Bu sıraya xüsusilə ölkə iqtisadiyyatındakı böhran, inflyasiyanın səviyyəsinin yüksəlməsi və gənclər arasında işsizliyin artması məsələləri və onlardan çıxış yolları daxildir.
Qeyd edək ki, M. Rzayi İranda 2009-cu ildə keçirilmiş və Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkilərində də iştirak edib. O, 2009-cu il prezident seçkilərinin İran Mərkəzi Seçki Komissiyası tərəfindən saxtalaşdırıldığını canlı yayımda elan edən üçüncü şəxsdir.
Ölkənin ən nüfuzlu dövlət xadimlərindən biri olan general M. Rzayi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ilk baş komandanı olub və 15 il bu quruma rəhbərlik edib. Daha sonra bir müddət İran Məsləhət Şurasının sədri vəzifəsini icra edib.