Tehran. Süleyman Fərzəliyev-APA. “İqtisadiyyatı neftdən asılı olan bir çox ölkələrdə problemlər yaşanır”. APA-nın İran bürosunun məlumatına görə, bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri İranın “Espinas Palace” 5 ulduzlu ən böyük otelinin açılış mərasimində çıxışında bildirib.
İ.Cahangiri deyib ki, neftin qiymətinin aşağı düşməsi bəzi neft ölkələrində milli valyutanın dəyərdən düşməsinə gətirib çıxarıb.
“İran sanksiyalarla üz-üzədir, neft hasilatımız gündəlik 2 milyon 400 bareldən 1 milyon barelədək azalıb, neftin qiyməti də 100 dollardan 30 dollaradək enib. Biz, bu qədər çətinliyə baxmayaraq, ölkə iqtisadiyyatını ayaqda saxlaya bilmişik”, deyə İ.Cahangiri vurğulayıb.
“Düşünürəm, dünya ölkələri İranla əməkdaşlıq etməkdə qərarlıdırlar. Nüvə sahəsində razılaşma qarşılıqlı əməkdaşlıq, mürəkkəb müzakirələr və beynəlxalq istəyin nəticəsində əldə olundu. Biz birgə kompleks fəaliyyət planının (JCPOA-nın) icra olunmamasına görə narahat deyilik, JCPOA –nın icrası yaxın günlərdə yeni mərhələyə qədəm qoyacaq”, deyə İ.Cahangiri qeyd edib.
İ.Cahangiri qeyd edib ki, JCPAO-nın icrası ilə sanksiyalar ləğv olunacaq və ölkədəki problemlərin bir çox hissəsi ləğv olunacaq.
Qeyd edək ki, “Espinas Palace” 5 ulduzlu, 500 otaqlı hotel 28 mərtəbəlidir. Eyni vaxtda 1500 nəfərə xidmət göstərəcək bu hotel il ərzində 800 min nəfəri qəbul edə bilər.