Bakı. Könül Cəfərli – APA. ABŞ İrana qarşı yeni sanksiya tətbiq etməyə hazırlaşır. APA-nın İRİB-ə istinadən məlumatına görə, hazırda ABŞ Konqresində Avropa Mərkəzi Bankı (ECB) ilə İran hökuməti arasında avro üzərindən həyata keçirilən əməliyyatlara maneə törədəcək yeni bir qanun hazırlandığı bildirilib. Rəsmi Tehranın alqı-satqı prosesində avrodan istifadə etməsini məhdudlaşdıracaq sanksiyaları özündə ehtiva edəcək qanun hələlik hazırlıq mərhələsindədir.
Qeyd edək ki, Ağ Ev daha əvvəlki sanksiyaları ilə İranı ABŞ maliyyə sistemindən kənarda buraxaraq dollarla bank əməliyyatları həyata keçirməsini böyük ölçüdə maneə törətməyi planlaşdırmışdı. ABŞ-ın yeni qanunu isə İranın bu boşluğu avrodan istifadə edərək doldurmasını çətinləşdirmək məqsədi daşıyır. Avropa Birliyinin “Target 2” adı verilmiş sistemi Avropa sərhədlərindən kənarda avro ilə alqı-satqı mübadiləsinin aparılmasına imkan verir.