Bakı. Könül Cəfərli – APA. ABŞ Dövlət Departamenti Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş agenti Robert Levinsonun İranın Kiş adasında itkin düşməsinin 6-ci ilində müraciət yayıb. APA-nın məlumatına görə, məlumatda R. Levinsonun tapılması üçün İrandan lazımi səylər göstərilməsi tələb edilib.
Eyni zamanda ABŞ dövlət katibi Con Kerri FTB-nin sabiq agentinin ailəsi ilə görüşüb və R. Levinson barəsində informasiyaya malik olan hər kəsi yardıma çağırıb: “Mən Levinsonun həyat yoldaşı və oğlu ilə görüşdüm. ABŞ hökuməti Levinsonu tapmağa və sağ-salamat ailəsinə qaytarmağa söz verib”.
Ağ Evin sözçüsü Cey Karni isə bildirib ki, Levinsonun tapılması və evinə qaytarılması ABŞ-ın əsas prioritetlərindəndir: “İran hökumətinə Levinsonu tapmaq üçün əvvəllər köməyimizi təklif etmişik və biz bu yardımın qəbul edilməsini səbirsizliklə gözləyirik”.
Bundan əlavə, FTB də R. Levinsonun təhlükəsiz evə qayıtmasına şərait yaradılması üçün saxlanıldığı yeri xəbər verən şəxslə bağlı təyin etdiyi 1 milyon dollarlıq mükafatın müddətini bir il daha uzadıb.
Qeyd edək ki, İran hökuməti 65 yaşlı R. Levinsonun saxlanıldığı yer haqqında heç bir informasiyaya malik olmadığını deyir. Bu da iki ölkə arasında gərginliyə səbəb olub. R. Levinson 2007-ci il martın 8-də İranın Kiş adasında siqaret qaçaqmalçılığı problemini araşdırarkən yoxa çıxıb, onun haradasa girov saxlanıldığı ehtimal edilir. R. Levinsona məxsus yayılmış sonuncu görüntüdə onun saqqallı və narıncı rəngli köynəkdə, daha çox Quantanamo həbsxanasının məhbuslarına bənzədiyi görünür.