Bakı. Könül Cəfərli – APA. İranın nüvə proqramı ətrafında yaranmış gərginlik diplomatik yolla həll edilə bilər. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano bildirib.
Onun sözlərinə görə, problemin İranla müzakirələr aparmaqla həllinin tərəfdarıdır və bunun üçün hələ də ümid var. Lakin buna baxmayaraq, Y.Amano uranın zənginləşdirilməsini davam etdirdiyi üçün İranı tənqid edib və agentlik müfəttişlərinin Parçin hərbi-sənaye kompleksinə ziyarət edilməsinə icazə verilməsini istəyib.
Qeyd edək ki, ABŞ-ın AEBA-dakı daimi nümayəndəsi Robert Vud agentliklə lazımi əməkdaşlıq etməsi üçün İran hökumətinə 2013-cü ilin martınadək vaxt verib. Əks təqdirdə, amerikalı diplomat ölkəsinin müttəfiqləri ilə birlikdə İranın nüvə proqramı ilə bağlı materialları BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyini açıqlayıb.