Göyçay rayonunda çaya yıxılan 57 yaşlı kişi xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Göyçay çayının rayonun Potulu kəndindən keçən hissəsində vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Məmmədov Gündüz Şükür oğlu sudan çıxarılıb xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.