Bakı. Real Cəfərli - APA. İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi bu gün ölkə prezidenti və hökumət üzvlərini qəbul edib.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, ayətullah Xamneyi prezident Həsən Ruhaniyə öz kabinetini qısa müddət ərzində təşkil etdiyinə və ictimaiyyətə tanıtdığına görə təşəkkür edib: “Bu əlamət hökumətin işgüzarlıq əzmindən xəbər verir. Parlamentin də kabinet üzvlərinə yüksək səs verməsi iki orqan arasında qarşılıqlı anlaşmanın göstəricisidir. Şübhəsiz Ruhaninin mənəvi gücü Nazirlər Kabinetinin gücüdür”.
Onun sözlərinə görə, İran hökumətinin əsas prioritetləri xalqa xidmət, ölkənin işsizlik probleminin həlli, planlaşdırma, elm və iqtisadiyyatdır.
İranın ali dini lideri görüşdə bölgədə baş verən hadisələrə də toxunub: “ABŞ-ın müdaxiləsi region üçün faciə olacaq. Çünki bölgə barıt anbarı kimidir və gələcəyi heç cür proqnozlaşdırıla bilməz”.
Eyni zamanda ayətullah Xamneyi deyib ki, İranın Misirin daxili işlərinə qarışmaq niyyəti yoxdur: “Ancaq əliyalın insanların öldürülməsində cavabdeh kimdirsə, şübhəsiz cəzalandırılmalıdır”.