Bakı. Könül Cəfərli - APA. “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdinin mürtəd olduğuna dair İran İslam İnqilabının qurucusu, ayətullah Ruhullah Xomeyninin çıxardığı mürtəd fətvası qüvvədədir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın ali dini lideri, ayətullah Əli Xamneyinin əsərlərinin yayımı və qorunması bürosu açıqlama yayıb.
Bildirilib ki, hind əsilli böyük britaniyalı yazıçı ilə bağlı fətva ayətullah Xomeyni tərəfindən verilib və dəyişdirilməyəcək. Sayt yazıb ki, Salman Rüşdi 1987-ci il dekabrın 25-də dünya imperializminin və İsrailin dəstəyi ilə “Şeytan ayələri” adlı kitab dərc edib. Kitab həmin qüvvələrin sayəsində dünyanın bir çox yerində yayımlanıb. İslam dini və peyğəmbərinə qarşı ağır ifadələrin yer aldığı kitabda İslam və müsəlmanlar hədəfə alınıb. Bu səbəbdən ayətullah Xomeyni yazıçı haqqında mürtəd fətvası verib.
Qeyd edək ki, şəriət qanunlarına görə, haqqında mürtəd fətvası çıxarılan şəxslərin cəzası ölümdür.