Bakı-APA. Suriya, lazım gəldikdə, İsrailin hücumunu dəf etməyə qadirdir. APA-nın “Vesti” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd İran XİN rəhbəri Əli Əkbər Salehi ilə görüşündə bəyan edib.
“Suriya xalqı və cəsur ordusu Suriyaya təhdid yaradan və əslində terror aktları olan İsrailin fırıldaqlıqlarına qarşı çıxmağa qadirdir”, deyə o Dəməşqdə bəyan edib.
Dövlət başçısı qeyd edib ki, İsrail ölkə ərazisinə raket zərbəsi endirməklə, Suriya münaqişəsinə müdaxilə edib.
Xatırladaq ki, İsrail mayın 5-də Dəməşqin Camaraya rayonunda yerləşən hərbi tədqiqat mərkəzinə raket zərbəsi endirib.
Qeyd edək ki, bundan öncə “New York Times” qəzeti İsrail Hərbi Hava qüvvələrinin mayın 3-də Suriya ərazisinə aviazərbəsi zamanı Livanın “Hizbullah” qruplaşması üçün nəzərdə tutulmuş taktiki raket partiyasının məhv edildiyini qeyd edib.
Bütün hallarda İsrail tərəfi bu məlumatları şərh etməyib.