Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclas keçirilib.
APA xəbər verir ki, iclasda çıxış edən Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış ediblər.
Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Birinci Türkoloji Qurultay öz dövründə türkologiyanın sistemini və elmi modelini ilk dəfə müəyyənləşdirib: “Birinci Türkoloji Qurultayın proqramında türk dünyası ilə bağlı abidələr, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətə dair mühüm mövzular geniş yer alıb”.
Daha sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib ki, türk dünyası böyük bir ailədir. O, türk dövlətləri və xalqları arasında əməkdaşlığı inkişaf etdirən təşkilatların hər birinin birlik, həmrəylik və qardaşlıq naminə fəaliyyət göstərdiyini vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev isə çıxışında bildirib ki, türk dillərində ortaq terminologiyanın yaradılması Birinci Türkoloji Qurultayın əsas məqsədlərindən biri olub: “Bu istiqamətdə fəaliyyətimizi davam etdirərək mühüm bir layihə həyata keçirmişik. Layihə türk dillərinin müxtəlif sahələr üzrə terminologiyasını əhatə edir. Bu günədək layihə çərçivəsində səkkiz cilddən ibarət terminoloji nəşr hazırlanıb. Gələcəkdə də bu iş ardıcıl şəkildə davam etdiriləcək".
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək.
İclasın sonunda bir qrup mədəni-ictimai xadim “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)" xatirə nişanı ilə təltif edilib.
Mükafatçılar sırasında akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, Əl-Fərabi adına Qazax Milli Universitetinin hazırkı rektoru Janseit Tuymebayev, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti professor Dərya Örs, Türk Dil Qurumunun prezidenti Osman Mert, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetəliyev və başqaları olub.