Bakı. Real Cəfərli – APA. Böyük Britaniya vətəndaşının İranda həbsdə olduğu ortaya çıxıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Röya Sabirinejad Nobəxt adlı qadın ötən ilin oktyabrında həbs olunsa da, bu barədə xəbər yenicə yayılıb.
Darius Tağıpur adlı şəxs Böyük Britaniyada nəşr olunan “The İndependent” qəzetinə müsahibəsində həyat yoldaşının öz qohumlarını görmək üçün İrana səfər etməsindən iki həftə sonra həbs olunduğunu bildirib: “Röya xanım Şiraz şəhərində tutularaq Tehrana geri göndərilib. O, “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və ya sözləşmək” və “dini müqəddəsləri təhqir etmək” ittihamlarına görə ötən ilin oktyabrından Tehranın Evin həbsxanasında saxlanılır”.
D. Tağıpur həyat yoldaşından məcburi şəkildə etiraf alındığını və “Facebook”dakı şərhlərinə görə tutulduğunu deyib: “Hazırda onun vəziyyəti çox pisdir. Bizi nə gözlədiyini bilmirəm. Röya yaxşı deyil, 19 kq arıqlayıb və qorxur. O, hökumətin onu edam edəcəyindən ehtiyatlanır”.
Qeyd edək ki, R. S. Nobəxt 6 ildir həyat yoldaşı ilə birlikdə Böyük Britaniyada yaşayır və siyasi fəal deyil.
Böyük Britaniya Xarici İşlər Nazirliyi isə məsələni tezliklə araşdıracağını bəyan edib. Eyni zamanda “Amnesty İnternational” (Beynəlxalq Əvf Təşkilatı) və digər müxtəlif hüquq-müdafiə təşkilatları R. S. Nobəxtin həbsindən narahatlıqlarını bildiriblər.