Bank Of Baku

Rəqəmsal inkişaf artıq Azərbaycanın iqtisadi modelinin əsas sütunlarından birinə çevrilir - RƏY

Rəqəmsal inkişaf artıq Azərbaycanın iqtisadi modelinin əsas sütunlarından birinə çevrilir - RƏY
# 03 iyul 2026 15:00 (UTC +04:00)

Rəqəmsal inkişaf artıq Azərbaycanın iqtisadi modelinin əsas sütunlarından birinə çevrilir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Tahir Mirkişili deyib ki, rəqəmsallaşma yeni iqtisadi inkişaf mərhələsinin əsas hərəkətverici qüvvəsidir: “Azərbaycan son illərdə neftdənkənar iqtisadiyyatın inkişafı, innovasiya ekosisteminin formalaşdırılması və dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atıb. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi isə rəqəmsal transformasiyanın sürətləndirilməsinə hesablanıb. Bu gün artıq rəqəmsallaşma yalnız informasiya texnologiyalarının inkişafı deyil, iqtisadi artımın, investisiya mühitinin yaxşılaşdırılmasının, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin və vətəndaş məmnunluğunun artırılmasının əsas vasitələrindən biri kimi qəbul olunur. Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin yaxın üç il üçün texnoloji inkişaf istiqamətlərini müəyyən edən ən mühüm strateji sənədlərdən biridir. Bu sənəd təkcə informasiya texnologiyalarının inkişaf proqramı deyil. Burada dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən kibertəhlükəsizliyə, innovasiyadan süni intellektə qədər bütün istiqamətlər üzrə sistemli yanaşma ortaya qoyulub. Əsas məqsəd Azərbaycanın rəqəmsal iqtisadiyyatın regional liderlərindən birinə çevrilməsini təmin etməkdir".

Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti yeni mərhələnin başlanğıcıdır

Deputat qeyd edib ki, iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası həyata keçirilən islahatların koordinasiyalı şəkildə idarə olunacağını göstərdi: "Şuranın ilk iclasında müzakirə edilən məsələlər onu göstərir ki, dövlət rəqəmsallaşmanı ayrı-ayrı layihələr kimi deyil, vahid ekosistem kimi görür. Müxtəlif dövlət qurumlarının fəaliyyətinin koordinasiyası, vahid standartların tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və süni intellekt həllərinin tətbiqi qarşıdakı illərin əsas prioritetləri olacaq. Rəqəmsal transformasiya yalnız texniki yenilənmə deyil, həm də idarəetmə fəlsəfəsinin dəyişməsidir”.

"mygov" dövlət xidmətlərinin vahid ünvanına çevriləcək

Tahir Mirkişili qeyd edib ki, uzun illər müxtəlif dövlət qurumlarının ayrı-ayrı elektron portallarının mövcudluğu vətəndaşlar üçün müəyyən çətinliklər yaradırdı: "Bu gün vətəndaş müxtəlif dövlət xidmətlərini almaq üçün bir neçə mobil tətbiqdən istifadə etməyə məcbur qalırdı. Hansı xidmətin hansı platformada olduğunu müəyyən etmək hər zaman asan olmurdu. Yeni yanaşmanın əsas mahiyyəti bütün dövlət xidmətlərinin vahid ekosistem üzərində birləşdirilməsidir. Gələcəkdə bütün elektron dövlət xidmətləri və elektron sənədlər vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə "mygov Biznes" platformaları vasitəsilə təqdim olunacaq. Bu yanaşma dövlət-vətəndaş münasibətlərini tamamilə yeni səviyyəyə qaldıracaq. Vətəndaş-məmur təması minimuma enəcək, şəffaflıq artacaq, xidmətlərin əldə olunması sürətlənəcək, vaxt və maliyyə itkiləri əhəmiyyətli dərəcədə azalacaq".

Proaktiv dövlət xidmətləri yeni idarəetmə modelini formalaşdırır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü nəzərə çatdırıb ki, rəqəmsallaşmanın əsas istiqamətlərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir: “Artıq yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşın ayrıca müraciət etməsinə ehtiyac qalmayıb. Müvafiq məlumatlar dövlət informasiya sistemlərində mövcuddursa, pensiya avtomatik təyin edilir. Eyni yanaşmanın uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsində də tətbiqi nəzərdə tutulur. Yaxın dövrdə şəxsiyyət vəsiqəsinin, pasportun və sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatması barədə vətəndaşlara avtomatik bildirişlər göndəriləcək, səfərbərlik üzrə tibbi müayinəyə çağırışlar da tam rəqəmsal formada həyata keçiriləcək. Əsas məqsəd odur ki, dövlət xidmət göstərən deyil, vətəndaşın ehtiyacını əvvəlcədən müəyyən edib həmin xidməti təqdim edən instituta çevrilsin."

“Yalnız bir dəfə" prinsipi bürokratiyanı minimuma endirəcək

Tahir Mirkişili bildirib ki, yeni modelin əsas elementlərindən biri "Yalnız bir dəfə" prinsipidir: "Vətəndaşın eyni məlumatı müxtəlif dövlət qurumlarına dəfələrlə təqdim etməsinə ehtiyac qalmayacaq. Dövlət informasiya sistemləri arasında inteqrasiya nəticəsində məlumatlar avtomatik əldə olunacaq. Bu isə həm bürokratik maneələri aradan qaldıracaq, həm də xidmət keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək. Artıq sürücülük vəsiqəsinin dəyişdirilməsi tam şəkildə "mygov" üzərindən mümkündür, yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi və pasport xidmətləri də tam rəqəmsallaşdırılacaq”.

Təhsil və notariat xidmətləri də rəqəmsallaşır

Deputat qeyd edib ki, ali məktəblərə qəbul olunan təxminən 75 min nəfərin qeydiyyat prosesini tam onlayn başa vurması, məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün 225 mindən çox valideynin "mygov" vasitəsilə müraciət edə bilməsi rəqəmsal transformasiyanın praktiki nəticələridir: "Ədliyyə sistemində də notariat xidmətlərinin bir hissəsi artıq elektronlaşdırılıb. Azyaşlının ölkədən çıxmasına razılıq ərizəsinin və tərcümə sənədlərinin təsdiqinin "mygov" üzərindən həyata keçirilməsi vətəndaş rahatlığını əhəmiyyətli dərəcədə artırır. Son üç ay ərzində "mygov" istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona çatması həyata keçirilən islahatların cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. 30 faizlik artım çox ciddi göstəricidir. İnsanlar rahat, sürətli və şəffaf xidmət gördükcə rəqəmsal platformalara maraq da artır. "mygov Biznes" platformasının istifadəyə verilməsi sahibkarların bütün dövlət xidmətlərinə vahid pəncərə prinsipi ilə çıxışını təmin edəcək”.

Yeni vergi təşviqləri innovasiya iqtisadiyyatını gücləndirəcək

Tahir Mirkişilinin sözlərinə görə, rəqəmsal iqtisadiyyatın inkişafı üçün hüquqi və fiskal mühit də müasir tələblərə uyğunlaşdırılır: "Texnologiya, süni intellekt və kibertəhlükəsizlik şirkətləri üçün 20 illik vergi güzəştlərinin nəzərdə tutulması, yüksək ixtisaslı mütəxəssislər üçün 0 faiz gəlir vergisinin tətbiqi, sosial sığorta yükünün azaldılması, bulud xidmətləri və SaaS modelləri üzrə vergi maneələrinin aradan qaldırılması Azərbaycanın texnologiya mərkəzinə çevrilməsi baxımından son dərəcə mühüm qərarlardır. Texnoloji avadanlıqların idxalının gömrük rüsumu və ƏDV-dən azad olunması da investisiyaları əhəmiyyətli dərəcədə stimullaşdıracaq”.

Startap ekosistemi

Deputat qeyd edib ki, ilk dəfə olaraq SAFE və Convertible Note kimi beynəlxalq investisiya alətlərinin qanuniləşdirilməsi, ESOP mexanizminin hüquqi status qazanması, vençur fondları üçün vergi güzəştləri və kraudfandinq mexanizminin yaradılması Azərbaycan startap ekosistemini keyfiyyətcə yeni mərhələyə keçirəcək: "R&D xərclərinin 2,5 əmsalla vergidən çıxılması, patentlərin və proqram təminatlarının kommersiyalaşdırılmasına vergi təşviqlərinin verilməsi, uğursuz innovasiya layihələrinin əlavə vergi riski yaratmaması sahibkarların innovasiyaya marağını daha da artıracaq. "Rəqəmsal səyyah" vizasının tətbiqi və texnologiya şirkətləri üçün valyuta əməliyyatlarının liberallaşdırılması Azərbaycanın beynəlxalq texnologiya bazarında rəqabət qabiliyyətini yüksəldəcək”.

Süni intellekt dövlət idarəçiliyində yeni mərhələ yaradacaq

Tahir Mirkişili bildirib ki, 2026-cı ildə "mygov" platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqi nəzərdə tutulur: "Artıq virtual vətəndaş köməkçisinin ilkin versiyası istifadəyə verilib. Gələcəkdə süni intellekt dövlət xidmətlərinin keyfiyyətini daha da artıracaq, vətəndaş müraciətlərinə operativ cavab verəcək, qərar qəbuletmə proseslərini sürətləndirəcək. Digər tərəfdən, rəqəmsal inkişaf kibertəhlükəsizlik olmadan mümkün deyil. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli SOC, Milli CERT və Rəqəmsal Tədqiqat Mərkəzinin fəaliyyətə başlaması ölkədə vahid kibertəhlükəsizlik idarəetmə modelinin formalaşdırılması baxımından mühüm addımdır. Bank, energetika, nəqliyyat, sığorta və digər kritik informasiya infrastrukturu subyektləri üçün yeni təhlükəsizlik standartlarının tətbiqi ölkənin rəqəmsal dayanıqlığını daha da gücləndirəcək”.

İnsan kapitalına investisiya rəqəmsal inkişafın əsas təminatıdır

Deputat vur]ulayıb ki, rəqəmsal transformasiyanın uğuru ilk növbədə insan kapitalından asılıdır:

"Bu gün məktəblərdə 500 mindən çox şagirdi əhatə edən 'Rəqəmsal bacarıqlar', 300 mindən çox şagirdi əhatə edən 'STEAM Azərbaycan' layihələrinin həyata keçirilməsi, son on ildə ali məktəblərdə İT ixtisaslarına qəbulun beş dəfə artması gələcəyin texnoloji iqtisadiyyatının əsasını formalaşdırır. Növbəti mərhələdə süni intellekt əsasında fərdiləşdirilmiş tədris, müəllimlərin inzibati yükünün azaldılması və məlumatlara əsaslanan təhsil idarəetməsi tətbiq ediləcək. Bu gün həyata keçirilən bütün bu islahatlar Azərbaycanın yalnız rəqəmsal dövlət qurmaq məqsədi daşımır. Əsas hədəf rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək texnologiyalar əsasında formalaşan innovasiya ekosistemi, güclü insan kapitalı və təhlükəsiz rəqəmsal mühit yaratmaqdır. Hesab edirəm ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs nəticəsində Azərbaycan yaxın illərdə Cənubi Qafqazın və daha geniş regionun rəqəmsal inkişaf mərkəzlərindən birinə çevriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR