Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı baş vermiş ağır cinayətlərin yenidən beynəlxalq diqqət mərkəzinə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdı.

İtkin Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberqerin konfransda və APA-ya verdiyi müsahibədə səsləndirdiyi, “hələ də aşkarlanmalı və qazılmalı olan əlavə kütləvi və gizli məzarlıqlar mövcuddur” fikri Azərbaycanın uzun illər beynəlxalq ictimaiyyətə çatdırdığı faktlarla üst-üstə düşən mühüm mesaj kimi qiymətləndirilir.

Kütləvi məzarlıqların mövcudluğu artıq beynəlxalq müstəvidə də təsdiq olunur
Azərbaycan Birinci Qarabağ müharibəsindən sonra 4 010 nəfəri itkin düşmüş şəxs kimi qeydiyyata alıb. Rəsmi Bakı uzun illərdir bildirir ki, həmin şəxslərin əhəmiyyətli hissəsi əsir və girov götürüldükdən sonra qətlə yetirilib, daha sonra isə kütləvi və gizli məzarlıqlarda basdırılıb. İşğaldan azad edilmiş ərazilərdə son illərdə aşkarlanan kütləvi məzarlıqlar da bu faktların təsdiqlənməsinə xidmət edir.
Məhz bu kontekstdə ICMP rəhbərinin fikirləri xüsusi əhəmiyyət daşıyır. Bu fikir təkcə texniki qiymətləndirmə deyil, bölgədə hələ də aşkar edilməmiş çoxsaylı kütləvi və gizli məzarlıqların mövcudluğu ehtimalının beynəlxalq ekspert səviyyəsində qəbul edildiyini göstərir. Bu isə Azərbaycanın illərdir səsləndirdiyi mövqenin növbəti dəfə beynəlxalq müstəvidə dəstəkləndiyini göstərən mühüm məqamlardan biridir.

Ermənistan humanitar öhdəliklərdən yayınır
Azərbaycan qalib dövlət kimi postmünaqişə dövründə sülh gündəliyini irəli sürsə də, humanitar məsələlər hələ də tam həllini tapmayıb. Ən ciddi problemlərdən biri Ermənistanın kütləvi və gizli məzarlıqların yerləri barədə məlumatları indiyədək Azərbaycana təqdim etməməsidir.
Bu, minlərlə ailənin onilliklərdir gözlədiyi həqiqətin üzə çıxmasını ləngidir. Eyni zamanda Ermənistanın uzun müddət mina xəritələrini də verməkdən yayınması humanitar məsələlərdə əməkdaşlığın hələ də arzu olunan səviyyədə olmadığını göstərir. Halbuki davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, humanitar problemlərin həlli ilə də mümkündür.

DNT texnologiyaları həqiqətin üzə çıxarılmasına xidmət edir
Katrin Bomberqer bildirib ki, ICMP hazırda Azərbaycana DNT analizləri sahəsində dəstək göstərir və təşkilat uzun illər torpaq altında qalmış sümük qalıqlarından DNT əldə olunması istiqamətində unikal təcrübəyə malikdir. Onun sözlərinə görə, hələ də aşkarlanmalı və qazılmalı əlavə kütləvi və gizli məzarlıqlar mövcuddur və bu istiqamətdə əlavə təlimlərin keçirilməsi planlaşdırılır.
Bu əməkdaşlıq yalnız texniki yardım deyil. DNT əsaslı identifikasiya hər bir meyit qalığının elmi əsaslarla müəyyənləşdirilməsinə, ailələrə dəqiq cavab verilməsinə və gələcək hüquqi araşdırmalar üçün etibarlı sübut bazasının formalaşdırılmasına xidmət edir.
Məlumat bazası sülhə xidmət edən mexanizmdir
Katrin Bomberqer həm çıxışında, həm də müsahibəsində Azərbaycan və Ermənistan arasında yaradılması nəzərdə tutulan məlumat bazasının əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu sistem dövlət qurumları arasında əməkdaşlığı gücləndirməklə yanaşı, gələcəkdə kütləvi və gizli məzarlıqlar, itkin düşmüş şəxslərin mümkün yerləşdiyi ərazilər və digər məlumatların paylaşılmasına imkan yarada bilər.
Keçmiş Yuqoslaviya təcrübəsinin nümunə göstərilməsi də təsadüfi deyil. Həmin model göstərir ki, münaqişədən uzun illər sonra belə məlumat mübadiləsi minlərlə ailənin həqiqəti öyrənməsinə və etimadın formalaşmasına mühüm töhfə verə bilir.

Azərbaycanlılara qarşı soyqırımla bağlı hüquqi qiymətləndirmə zərurəti daha da aktuallaşır
Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı mülki şəxslərin əsir götürülməsi, sonrakı talelərinin gizlədilməsi və işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması beynəlxalq humanitar hüquq baxımından son dərəcə ciddi araşdırma tələb edən məsələlərdir.
ICMP rəhbərinin açıqlamaları və indiyədək üzə çıxan faktlar Azərbaycanın uzun illər səsləndirdiyi iddiaların daha ciddi beynəlxalq hüquqi müstəvidə araşdırılması zərurətini bir daha gündəmə gətirir. Etnik mənsubiyyətinə görə azərbaycanlıların sistemli şəkildə qətlə yetirilməsi, onların gizli məzarlıqlarda basdırılması barədə faktlar bu cinayətlərə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməsinin vacibliyini göstərir. Başqa sözlə, Bomberqerin etirafları və mövcud faktlar Birinci Qarabağ müharibəsində Ermənistanın, erməni sılahlı birləşmələrinin azərbaycanlılara qarşı soyqırım törətdiyini deməyə əsas verir.
Ailələrin həqiqəti bilmək hüququ
Bomberqer vurğulayıb ki, dövlətlər yalnız itkin düşmüş şəxslərin taleyini araşdırmağa deyil, onların ailələrinin həqiqəti bilmək, ədalətə nail olmaq və kompensasiya almaq hüququnu təmin etməyə də borcludurlar.
Bu baxımdan Azərbaycanda yaradılan yeni Məlumat İdarəetmə Sistemi prosesin şəffaflığını artıracaq, ailələrin öz yaxınları barədə məlumatları izləməsinə imkan verəcək və identifikasiya prosesini sürətləndirəcək.
Bakıda keçirilən beynəlxalq konfrans göstərdi ki, itkin düşmüş şəxslər məsələsi artıq yalnız humanitar problem deyil, həm də beynəlxalq hüquq, ədalət və regional sülhlə birbaşa bağlı məsələdir. ICMP rəhbərinin səsləndirdiyi fikirlər isə Azərbaycanın illərdir diqqətə çatdırdığı kütləvi məzarlıqlar, itkinlərin taleyi və həqiqətin üzə çıxarılması ilə bağlı mövqeyinin beynəlxalq səviyyədə daha ciddi qəbul olunduğunu göstərən mühüm mesaj kimi dəyərləndirilə bilər.