Bakı-APA. Koreya respublikasının ticarət naziri Bak Te Xo Ümumdünya Ticarət Təşkilatının baş direktoru vəzifəsinə iddialı namizədlərin siyahısına daxil olub. APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, təşkilatın hazırkı rəhbəri fransız Paskal Laminin mandatı 2013-cü ilin dekabrın 31-də bitir. Ticarət üzrə avrokommissar Karel de Qüxt bundan əvvəl ÜTT-ın rəhbəri Avropa və ya Amerika nümayəndəsi olacağına şübhə etmişdi.
“Frans Press”in məlumatına görə, ÜTT rəhbəri vəzifəsinə hal-hazırda 9 namizəd iddia edir. Bunlar, Braziliya, Meksika, İndoneziya, Yeni Zelandiya, Keniya, İordaniya, Kosta-Rika, Qana və Cənubi Koreyadan olan nümayəndələrdir. Namizədlərdən üçü qadındır. ÜTT-nın yeni baş direktoru Ali Şura tərəfindən 2013-cü ilin mayın 31-də elan ediləcək.