Bakı. Məlahət Nəcəfova-APA. Çinin şimal-qərb əyaləti Şensidə avtobusun dərəyə aşması nəticəsində 35 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə yerli Icrosschina.com saytı məlumat yayıb. İçərisində 46 nəfərin olduğu avtobus yoldan çıxaraq 30 metr hündürlükdən dərəyə aşıb. 25 nəfər hadisə yerində, daha 10 nəfər isə xəstəxanada ölüb. Digər sərnişinlər xəstəxanalara yerləşdiriliblər.
Avtobusun sərnişinlərinin əksəriyyəti yaxınlıqdakı şəhərlərdən olan yaşlı insanlar olub. Onlar Xiangbang şirkətinin təşkilatçılığı ilə əyalətin paytaxtına 2 günlük ekskursiya və alı-veriş turuna çıxıblar. Hadisə onlar geri qayıdan zaman baş verib.
Hadisəni araşdırmaq üçün Çin Dövlət Şurası qəza yerinə işçi qrup göndərib, faktla bağlı 4 nəfər saxlanılıb.