Bakı. Real Cəfərli-APA. “Əgər Parçin hərbi sənaye kompleksində radioaktivlik varsa, bunu asfalt örtüyü çəkmək və başqa şeylərlə gizlətmək mümkün deyil”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikirləri İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
Onun sözlərinə görə, Qərb mətbuatının Parçin hərbi sənaye kompleksi ilə bağlı yaydıqları məlumatlar şantajdır və qeyri-elmi faktlara əsaslanır: “Bəzi xarici kütləvi informasiya vasitələri ümumi fikri yayındırmağa cəhd göstərir və xalqın məlumatsızlığından sui-istifadə edərək İrana qarşı ittihamlar irəli sürürlər”.
İranın vitse-prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Parçin hərbi sənaye kompleksinə baxış keçirmək istəyinə də toxunub: “Bu məsələ İranla agentlik arasında aparılan müzakirələr çərçivəsində araşdırılacaq və iki tərəf də bununla bağlı öz fikirlərini bildirəcəklər”.
Ə. Salehi həmçinin AEBA-nın avqustun 28-də İranın nüvə proqramı ilə bağlı yaydığı növbəti aylıq hesabatından da danışıb: “Bu sənəddə İranın sülh məqsədli nüvə fəaliyyətinin təfərrüatları, o cümlədən sentrifuqalarının sayı barədə məlumat verilib. Eyni zamanda son hesabatda İranla agentlik arasında əldə olunmuş razılaşmaya əsasən texniki və hüquqi müzakirələrin yeni dövrünün keçirilməsi qərara alınıb. Belə ki, hər iki tərəfi təmsil edən ekspertlər sentyabrın 27-də Vyanada görüşəcəklər”.
İranın vitse-prezienti deyib ki, ölkənin cənubunda yerləşən Buşəhr Atom-Elektrik Stansiyasında (AES) işlər öz qaydasında gedir: “Bütün sınaqlar həyata keçirildikdən və avadanlıqların dəqiq işlədiyinə əmin olduqdan sonra Rusiyanın podratçı şirkəti stansiyanı İrana təhvil verəcək və üç il müddətində burada çalışan rus ekspertlərinin sayı azaldılacaq”.