Bank Of Baku

Əli Əsgər Sultaniyə: “İranın nüvə obyektlərində 7500 yoxlama aparılıb, əlavə bir qram belə uran tapılmayıb”

Əli Əsgər Sultaniyə: “İranın nüvə obyektlərində 7500 yoxlama aparılıb, əlavə bir qram belə uran tapılmayıb”
# 01 dekabr 2012 10:13 (UTC +04:00)

 

APA-nın məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib.

 

Onun sözlərinə görə, ölkəsinin nüvə obyektlərinə hər hansı hərbi müdaxilə uranın zənginləşdirilməsi prosesini dayandıra bilməyəcək: “Biz nüvə texnologiyasındakı təcrübə və imkanlarımızla sıradan çıxarılmış nüvə obyektini qısa müddətdə yenidən aktiv vəziyyətə gətirəcək və sentrifuqaları işə sala biləcək gücə sahibik”.

 

Ə. Sultaniyə deyib ki, 2003-cü ildən İranın nüvə obyektlərində 7500 yoxlama aparılıb: “Ancaq agentliyə təqdim etdiyimizdən əlavə bir qram uran belə tapılmayıb”.

 

BMT Təhlükəsizlik Şurasının ölkəsi barəsində çıxardığı qətnamələrin “qeyri-qanuni” olduğunu deyən İran rəsmisi Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Andlaşması (NPT) çərçivəsində sülh məqsədli nüvə fəaliyyətləri həyata keçirdiyini və rəsmi Tehranın uranın zənginləşdirilməsi texnologiyasında peşəkar olduğunu bildirib.

 

Ə. Sultaniyə vurğulayıb ki, İranın nüvə proqramına qarşı siyasi və diplomatik hücumlara baxmayaraq, AEBA ilə əməkdaşlığı davam etdirirlər: “İran yaxşı niyyətli olduğunu Türkiyə və Braziliyanın səyi ilə imzaladığı Tehran bəyannaməsi sayəsində nümunə göstərdi. Ancaq yaxşı niyyətimizə baxmayaraq, BMT Təhlükəsizlik Şurasına 1929 saylı qətnamə layihəsi təqdim edildi, yalnız Türkiyə və Braziliya sənədə qarşı çıxdı. Xaricə göndərəcəyimiz uran qarşılığında nüvə yanacağı (zənginləşdirilmiş uran) verməyi vəd edən Qərb ölkələri İrana qarşı qətnamə layihəsini təsdiqlədi”.

 

İran rəsmisi ABŞ və İsraillə birgə beynəlxalq sahədə ölkəsinə qarşı sanksiya tətbiq edən ölkələri də tənqid edib: “On illər sonra müzakirə şansı əldə etmişkən ABŞ belə bir imkanı geri çevirdi. ABŞ qəsdən İran əleyhinə siyasət yürüdür və İsraili dəstəkləyir. Bu, ortaq şəkildə alınmış qərardır. ABŞ birtərəfli şəkildə yol çəkə bilməz. Burada müzakirədən qaçan ABŞ-dır. Bu, qəbul oluna bilməz. ABŞ Orta Şərqin nüvə silahlarından təmizlənməsi konfransını İsrailə qarşı düşmənçilik siyasəti olaraq görür”.

 

Ə. Sultaniyə əlavə edib ki, İran qanuni iş görür, ancaq İsrailin nüvə fəaliyyəti heç vaxt təftiş edilməyib: “İran NPT andlaşmasının tam üzvüdür və nüvə enerjisindən istədiyi şəkildə sülh məqsədləri naminə yararlanmaq hüququna malikdir. ABŞ da daxil olmaqla Qərb ölkələri vəziyyətlərini təkrar nəzərdən keçirsin. İran səhv iş görmür və yolundan dönməyəcək. İran həmişə müzakirə aparmağa və diplomatiyaya açıqdır. İranın qarşısında dayanmaq əvəzinə, onları müzakirəyə dəvət edirik”.

 

Ə. Sultaniyə ölkəsinə qarşı tətbiq edilmiş sanksiyaların İranı dayandıra bilməyəcəyini də deyib: “Biz öz texnologiyamızı özümüz istehsal edə bilərik. İsrail İranın elm adamlarına və ölkəmizə hücum edərək bizi dayandıra, İrana təzyiq göstərərək nəticə əldə edə bilməyəcək. NPT üzvü olmayan İsrail sərbəst danışarkən NPT üzvü olan İranın tənqid edilməsi qəbul oluna bilməz”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR