Bakı. Könül Cəfərli - APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) də etiraf edir ki, İranın nüvə fəaliyyətinin sülh məqsədli olmadığına dair heç bir sənəd yoxdur”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyyə agentliyin icraçı direktoru Yukiya Amano Tehranın nüvə proqramıyla bağlı yeni hesabatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, AEBA-nın hesabatı və İranın nüvə obyektləri üzərində 10 ildən çox nəzarəti nüvə fəaliyyətimizin tam sülh məqsədli olduğunu göstərir: “Y.Amano yeni hesabatında da bildirib ki, İranda uranın zənginləşdirilməsi AEBA müfəttişlərinin tam nəzarəti altında həyata keçirilir. Tehran agentlik və İran arasında müzakirələrin davam etdirilməsinin tərəfdarıdır. Həmçinin Y.Amano da bunun tərəfdarıdır. Lakin nüvə müzakirələrinin uğurla nəticələnməsi üçün danışıqlar siyasi qalmaqallardan uzaq, sakit bir atmosferdə aparılmalıdır”.