Bakı. Könül Cəfərli - APA. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının fevralın 24-də axşam saatlarında Təbriz şəhərində həbs etdiyi 50-dən çox azərbaycanlı fəaldan 5 nəfəri saxlanılıb, qalanları isə sərbəst buraxılıb.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, azərbaycanlı fəallar sorğu-sual edildikdən sonra fevralın 25-də azadlığa buraxılıblar. Digər 5 azərbaycanlı fəal isə ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanılır. Bunlar Salar Turi, Məhəmməd Xətibi, Məhəmməd Əmiri, Əli Şirnak və Adil Xəndandır.
Qeyd edək ki, ETTELAAT-ın 40-dan çox əməkdaşı fevralın 24-də saat 20:30-da Təbrizin Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqın edərək, kütləvi həbs həyata keçiriblər. Həbsin fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktorsazi” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu arasında keçiriləcək qarşılaşma və 109 nəfər azərbaycanlı fəalın İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq imzaladığı müraciətlə əlaqədar həyata keçirildiyi ehtimal edilir.