Bakı. Real Cəfərli - APA. “İranın nüvə məsələsinin sürətlə həllinə çalışırıq. Bu mövzunun ən azı 3-6 ay ərzində nizamlanmasını istəyirik”.
APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu fikirləri İran prezidenti Həsən Ruhani ABŞ-da nəşr olunan “The Washington Post” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu məsələnin daha sürətli həll olunması hamı üçün yaxşıdır: “Əgər nüvə məsələsi 3 aya həll olunarsa, bu İranın seçimidir. Ancaq məsələnin həlli 6 ayadək uzansa, yenə də yaxşıdır. Yəni söhbət il deyil, aydan gedir. İranın nüvə məsələsi həll olunduqdan sonra onda digər problemlərin həllinə nail olmaq olar. Nüvə məsələsi həll edildikdən sonra digər problemləri yoluna qoymaq və irəliyə doğru hərəkət etmək üçün heç bir maneə qalmayacaq. Hətta nüvə məsələsi başlanğıc ola bilər. Bununla bağlı bir neçə gün və həftə ərzində İran və ABŞ prezidenti arasında məktub mübadiləsi də olub”.
H. Ruhani deyib ki, İran xalqının haqlı və qanuni tələbləri reallaşanadək müzakirələr davam edəcək: “Əgər Qərb bütün qanuni haqları etiraf edərək İran torpaqlarında zənginləşdirməyi qəbul etsə, beynəlxalq qanunlar əsasında rəsmi Tehranın nüvə fəaliyyətlərinin şəffaflaşdırılmasında problem yaşanmaz”.