Bakı. Məlahət Nəcəfova-APA. Hindistan paytaxtında vəhşiliklə zorlamaya məruz qalmış 23 yaşlı tələbə bu gün səhər saatlarında müalicə üçün aparıldığı Sinqapur xəstəxanalarından birində ölüb. APA-nın məlumatına görə, klinikanın baş həkimi güclü travma nəticəsində qızın daxili orqanlarının işləmə funksiyasının pozulduğunu, ürəyinin bir neçə dəfə dayandığını bildirib. Hazırda tələbə qızın meyitinin Hindistana aparılmasına hazırlıq gedir.
Xatırladaq ki, həmin qız dekabrın 16-da paytaxt avtobusunda 6 sərxoş kişi tərəfindən zorlanıb. Hadisənin səbəbkarları artıq həbs edilib. Bu hadisənin KİV-də işıqlandırılmasından sonra Hindistanda qadın zorakılığına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Vətəndaşlar cinayətkarların edam olunmasını tələb edirlər.
Hadisə ilə bağlı dekabrın 23-də baş verən qarşıdurmalar zamanı 140 insan xəsarət alıb. Dekabrın 25-də isə nümayişçilər tərəfindən döyülən polis əməkdaşı həyatını itirib. Polis şəhərin bütün mərkəzi küçələrini nəzarətdə saxlayır.
Eyni səbəb üzündən daha bir 17 yaşlı hindistanlı qız özünə sui-qəsd edib. Bu hadisə də Hindistanda qadın müdafiəçiləri tərəfindən yeni etiraz aksiyalarına səbəb olub. Yeni Dehlidə nümayişlər 2 həftədir ki dayanmır.