“İraqda indiyə kimi ən az 72 əcnəbi qadın İŞİD-ə qoşulduğu üçün məhkum edilib. Mühakimə edilən qadınlar sırasında Türkiyə, Rusiya, Fransa, Almaniya, Azərbaycan,Tacikistan, Trinidad və Tobako vətəndaşları da var”.
APA-nın “Kurdistan24”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Human Rights Watch” (HRW) beynəlxalq təşkilatının yaydığı bəyanatda qeyd edilib.
Bəyanatda bildirilib ki, İraqda bir çox əcnəbi qadınlar İŞİD-ə qoşulduğu üçün ömürlük azadlıqdan məhrum edilib ya da ölüm hökmünə məhkum ediliblər.
İraq məhkəmələri 9 və yuxarı yaşda olan əcnəbi uşaqları İŞİD üzvü olduğu üçün 5 ilə qədər, cinayət aktlarında iştirak edənləri isə 15 ilə qədər azadlıqdan məhrum etmək qərarına gəlib.
Qurum İraq məhkəməsinin əcnəbi qadın və uşaqlara qarşı bu cür mövqeyinə görə narazlığını ifadə edib: “Belə bir yanaşma ədaləti inkişaf etdirmir və qurbanların hüquqlarını dəstəkləmir. İraq mövqeyini dəyişməlidir”.