Bakı-APA. İran 20 min MVt elektrik enerjisinin alınmasını nəzərdə tutan 15 illik planı çərçivəsində tikiləcək 16 nüvə elektrik stansiyalarının yerlərini müəyyənləşdirib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” İranın dövlət televiziyasına istinadən məlumat yayıb.
İran dövlət telekanalının məlumatına görə, ölkənin nüvə enerjisi üzrə təşkilatının ekspertləri nüvə elektrik stansiyalarının yerləşəcəyi, əsasən, zəlzələlərdən və raket zərbələrindən daha çox qorunmuş əraziləri müəyyənləşməsi üzrə araşdırmalarını artıq yekunlaşdırıb. Təşkilatın məruzəsində qeyd olunub ki, İranın elektrik enerjiyə tələbatını yaxın 15 ildə tam nəmin etmək üçün ölkədə 20 iri nüvə elektrik stansiyaları tikilməlidir.
Bundan əlavə İranda yeni uran yataqları aşkar olunduğu qeyd olunub və uran ehtiyatları ölkədə artıq 4,4 min ton təşkil etdiyi vurğulanıb. Qeyd edək ki, bu göstərici İranda 30 il əvvəl 1,5 min ton səviyyəsində olub.
ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.
Xatırladaq ki, İranın nüvə proqramı üzrə danışıqların növbəti raundu fevralın 26-da Qazaxıstanın paytaxtı Almatıda keçiriləcək.