Bakı. Könül Cəfərli - APA. “İranın Berlindəki səfirliyinin xəbərdarlığından sonra Almaniya hökumətinin və polisinin öz vəzifələrini yerinə yetirəcəyini, bu cür insidentlərin qarşısının alınması üçün ölçü götürəcəyini gözləyirdik”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi ölkəsinin Berlindəki səfirliyinə hücum edilməsinə münasibət bildirərkən deyib.
O əlavə edib ki, rəsmi Tehran hadisənin ətraflı araşdırılmasını və səbəbkarların məsuliyyətə cəlb edilməsini tələb edir.
Qeyd edək ki, dünən 30 nəfər naməlum şəxs İranın Almaniyadakı səfirliyinə hücum edərək, səfirliyin binasının divarlarına boyalarla şüarlar yazıb. Berlində İran səfirliyinə qarşı daha öncə də bu cür hücumlar baş verib.