Bakı. Könül Cəfərli - APA. İran İsrail səmasına daxil olaraq bəzi görüntülər çəkdiyi açıqlanan “Hizbullah”a məxsus “Əyyub” pilotsuz təyyarəsi ilə bağlı “Təbəs ovu” sənədli film nümayiş etdirib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə bildirib ki, İsrail pilotsuz təyyarənin öz səmasında 60-70 kilometr uçduğunu iddia edib: “Ancaq “Əyyub” İsrail səmasında 400 kilometr uçuş həyata keçirib. Sionistlər İranın bu pilotsuz təyyarəni istehsal etmək bacarığına yiyələnəcəyinə inanmırdılar və onlar yalnız almanların bu texnologiyanı əldə edə biləcəyini deyirdilər. Bu pilotsuz təyyarənin texnologiyası İsrail anlamadan gedə, öz əməliyyatını yerinə yetirə və qayıda biləcək şəkildə idi. Onların təcrübəsini dəfələrlə müşahidə etmişik. “Hizbullah” qəsdən pilotsuz təyyarənin istiqamətini elə bir formada təyin etmişdi ki, həm onlara, həm də bizə məlum olan İsrailin kameraları qarşısından keçsin və münasib nəticəni əldə etsin”.