Bakı. Könül Cəfərli-APA. İran Kiber Polis İdarəsinin rəsmisi Məhəmməd Həsən Şükriyan iranlı bloqqer Səttar Behiştinin həbsindən bir həftə sonra həbsxanada müəmmalı şəkildə ölməsi faktına görə işdən azad edilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, onun rəhbərlik etdiyi personalın laqeydliyi və zəif idarəçiliyi səbəbindən vəzifəsindən alındığı açıqlanıb.
Qeyd edək ki, İran kiber polisi 35 yaşlı solçu bloqqeri öz bloqunda, sosial mediada, xüsusilə “facebook”da ictimai-siyasi məsələlərlə bağlı yazdıqlarına görə milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandıraraq oktyabrın 30-da öz evində həbs edib. Tehranın Evin həbsxanasında bir gün saxlanılan S. Behişti ona qarşı kobud rəftar edildiyinə dair həbsxana rəsmilərinə şikayət məktubu yazdıqdan sonra naməlum yerə aparılıb. Tehran prokurorluğu aparılan araşdırmalar nəticəsində bloqqerin işgəncədən öldüyünü təsdiqləyib: “S. Behişti bədəninin həssas nöqtələrinə zərbə vurulması nəticəsində şok keçirib və bu da onun ölümünə gətirib çıxarıb”. S. Behiştinin işi üzrə parlamentin xüsusi nümayəndəsi Mehdi Dəvatgər də İran Kiber Polis İdarəsinin qanunsuz hərəkətlərinin aşkarlandığını əsas gətirərək, qurumun rəisinin öz vəzifəsindən istefa verməsini və ya işdən azad edilməsini tələb etmişdi.