Bakı. Real Cəfərli - APA. “İranın nüvə siyasəti yeni hökumətdə də dəyişməyəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin xarici əlaqələr komissiyasının sədri Vahid Əhmədi bildirib.
Onun sözlərinə görə, İranın yeni prezidenti Həsən Ruhaninin rəhbərliyi altında qurulacaq XI hökumət nüvə siyasətində xalqın mənafeyini nəzərə alacaq: “Bu səbəbdən İranın mövcud nüvə siyasətinin dəyişməsini gözləməmək lazımdır”.
V.Əhmədi İranın nüvə fəaliyyətlərinin tamamilə sülh məqsədli olduğunu deyərək, “altılıq” ölkələrinə rəsmi Tehranın nüvə siyasətinin yeni hökumətdə dəyişməsini gözləməməyi məsləhət görüb: “Altılıq” ölkələrinin İranda prezident seçkilərindən sonra yeni hökumətin nüvə siyasətini dəyişdirəcəyini gözləmələri səhvdir. İranın nüvə siyasəti əslində ölkənin ümumi qanunları çərçivəsində həyata keçirilir. Ona görə də hökumətlərin dəyişməsi nüvə siyasətinin dəyişməsinə səbəb olmayacaq”.